Futbol üzrə Belçika milli komandasının mərkəz hücumçusu Romelu Lukaku İtaliyanın “Roma” klubuna keçidini şərh edib.
Arena.az “canavarlar”ın rəsmi saytına istinadən Lukakunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Klubun və azarkeşlərin təşkil etdiyi qəbuldan çox məmnunam. Bu, mənə bütün gücümü yeni komandaya vermək üçün daha çox köklənmə verdi. Əvvəllər mən artıq “Stadio Olimpiko”nun ab-havasını hiss etmişdim.
Bu gün artıq layihənin bir hissəsinə çevrildiyimi bilmək çox xoşdur. Bu yaxınlarda klub sahibləri ilə danışmaq imkanım oldu və onların iddiaları məni heyran etdi.
İndi biz çalışmalıyıq, təvazökar olmalıyıq və oyundan-oyuna tərəqqi etməliyik. Komanda yoldaşlarıma həm meydanda, həm də meydandan kənarda xidmət etməyin intizarındayam”, deyə Lukaku həvəslə bildirib.
Xatırladaq ki, Lukaku “Roma”da 2024-cü ilin iyun ayının sonuna qədər icarə əsasında çıxış edəcək.
Romelu Lukaku geridə qalmış 2022/2023 mövsümünü də icarə əsasında, digər İtaliya klubu “İnter”də keçirib. Ötən mövsüm ərzində belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.


