“Mançester Yunayted”in sağ cinah vingeri Meyson Qrinvud İspaniya La Liqasında mübarizə aparan “Xetafe”yə keçib.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Hücumçu 2023/2024 mövsümünü icarə əsasında “Xetafe”də keçirəcək. Tərəflər arasındakı müqavilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Transfer hüquqlarının məxsus olduğu “Mançester Yunayted”lə isə Qrinvudun 2025-cilin iyun ayının sonuna qədər müqaviləsi var.
Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edirdi. Qrinvud 2022-ci ilin 30 yanvar tarixindən rəsmi oyunlarda iştirak etməyib. Ümumilikdə isə Qrinvud “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.
Qrinvud 2020-ci ilin sentyabrında İngiltərə yığmasında debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi oyunda meydanda 12 dəqiqə keçirib. Bu, Qrinvudun yığmada hələ ki, ilk və yeganə çıxışıdır.
“Transfermarkt” internet-portalı 21 yaşlı Qrinvudu hazırda 5 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, 2020-ci ilin oktyabrında Qrinvudun bazar qiyməti 50 milyon avro məbləğə yüksəlmişdi. Ancaq Meysonun törətdiyi zorlama əməli ilə bağlı yaşıl meydanlardan kənarda qalması onun futbolda mövqeyini sürətlə itirməsinə gətirib çıxardı.
Daha əvvəl, bu xoşagəlməz məsələ ilə bağlı daxili təhqiqatına yekun vurmuş “Mançester Yunayted” Qrinvudla əməkdaşlığına qarşılıqlı surətdə xitam verdiyi haqda qərarını açıqlamışdı. Öz növbəsində, təqsirini dərk etmiş Qrinvud “qırmızı şeytanlar”ın rəhbərliyinin müvafiq qərarı ilə razılaşıb. Gənc futbolçunun karyerasını “Mançester Yunayted”dən kənarda davam etdirməsi daha düzgün hesab edilib.
Xatırladaq ki, Qrinvud zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb. 21 yaşlı futbolçuya qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, komandanın məşqlərindən və oyunlarından uzaqlaşdırıldığı üçün futboldan kənarda qalmalı olub. Qrinvud bu günə qədər futbola mümkün qayıdışına hazırlaşmaq üçün fərdi proqram üzrə məşq edib. Bu yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.
“Xetafe”də daha iki yeni futbolçu və dörd ayrılıq
“Xetafe” Qrinvuddan başqa daha iki futbolçunu heyətinə qatıb. La Liqa təmsilçisi “Real Sosyedad”dan sol cinah müdafiəçisi Dieqo Rikonu (30 yaş), “Sevilya”dan isə mərkəz yarımmüdafiəçisi Oskar Rodriqesi (25 yaş) icarəyə götürüb. İspan futbolçuların icarə müddəti mövsümün sonunadək nəzərdə tutulub.
“Xetafe” dörd futbolçusu ilə də yollarını ayırıb. Uruqvaylı mərkəz müdafiəçisi Erik Kabako (28 yaş) Portuqaliyanın “Eştoril” klubuna keçib və 1 illik müqaviləyə imza atıb. Mərkəz yarımmüdafiəçisi Xayme Seoane “Real Ovyedo”ya satılıb. Klub onun satışından 2,5 milyon avro qazanıb. 26 yaşlı ispan da yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Dayaq yarımmüdafiəçisi Anxel Alqobiya azad agent kimi “Levante”yə keçib. 24 yaşlı ispan yeni klubu ilə 2+2 illik müqavilə bağlayıb.
“Xetafe” sol cinah müdafiəçisi Xonatan Silvanı da “Albasete”yə icarəyə verib. Argentina millisində də oynamış 29 yaşlı futbolçu ötən mövsüm də “Qranada”da icarədə olub. O, mövsümün sonuna kimi “Albasete”də çıxış edəcək. Daha öncə “Estudiantes”, “Sportinq”, “Boka Xuniors”, “Roma”, “Leqanes”də də oynamış müdafiəçi “Xetafe”də 11, Argentina yığmasında 2 matç keçirib.


