“Mets” 6 futbolçu gətirdi, 4-ü ilə vidalaşdı

“Mets” heyətini 5 yeni futbolçu – Kevin Van Den Kerkhof, Benjamin Tetteh, Xristof Herel, Joel Asoro və Maksim Kolinlə gücləndirib.

Arena.az xəbər verir ki, Kevin Van Den Kerkhof “Bastiya”dan 2,5 milyon avroya transfer olub.

Əlcəzair yığmasının da üzvü olan 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi daha öncə “Bastiya”, “Düdelanj”, “Olimpik” (Şarlerua) kimi klublarda forma geyinib.

Benjamin Tetteh “Hall Siti”dən 1,8 milyon avroya Fransa klubuna keçib. 26 yaşlı qanalı da 3 illik müqaviləyə imza atıb. Qana yığmasında 7 oyun keçirmiş hücumçu “Hall Siti”dən öncə “Yeni Malatyaspor”, “Sparta” (Praqa), “Bohemians”, “Slovaçko”, “Standard” (Lyej) klublarında da forma geyinib.

Yeri gəlmişkən, “Hall Siti”nin kolumbiyalı hücumçusu Oskar Estupinyan da Tettehlə birgə “Mets”ə üz tutub. 26 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında Liqa 1 klubunda çıxış edəəck. O, daha öncə “Onse Kaldas”, “Vitoriya” (Gimaraynş), “Barselona” (Ekvador) və “Dənizlispor” kimi klubların da formasını tərlədib.

Mərkəz müdafiəçisi Xristof Herellin transfer məbləği açıqlanmasa da, 31 yaşlı fransızla 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Təcrübəli futbolçu “Brest”dən öncə “Nitsa”, “Trua”, “Kretey”, “Kolmar”, “Soşo” kimi klublarda da forma geyinib.

Joel Asoro “Yurqorden”dən 1,2 milyon avroya transfer olunub. Əslən Nigeriyadan olan 24 yaşlı isveçli sağ cinah vingeri ilə 4 illik müqavilə imzalanıb. Asoro daha öncə “Sanderlend”, “Suonsi Siti”, “Qroningen” və “Ceona”da da çıxış edib, İsveç yığmasında 2 oyuna 1 qol vurub.

Maksim Kolin isə “Birmingem Siti”dən gəlib. Liqa 1 təmsilçisi 31 yaşlı fransızı azad agent kimi heyətə qatıb. Sağ cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, daha öncə “Brentford”, “Trua”, “Anderlext” və “Bulon”da da forma geyinib.

Georges Mikautadze 16 milyon avroya “Ayaks”da!

“Mets” dörd futbolçusu ilə də yollarını ayırıb. Gürcü hücumçu Georges Mikautadze Niderland “Ayaks”ına satılıb. Liqa 1 təmsilçisi onun satışından 16 milyon avro qazanıb. Gürcü futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Hücumameyilli yarımmüdafiəçisi Yussef Maziz “Leuven”ə transfer olunub. Fransızlar 25 yaşlı futbolçunun satışından 1,5 milyon avro qazanıblar. Maziz yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Papa Ndiaqa Yade “Keviyi Ruan”a icarəyə verilib. Seneqaldan olan 23 yaşlı sol cinah vingeri mövsümün sonuna kimi icarədə olacaq.

Kabo Verde yığmasının üzvü olan Vaqner isə “Mets”i azad agent kimi tərk edib və karyerasını harada davam etdirəcəyi hələ bilinmir. 27 yaşlı forvard 2020-ci ildən Fransa klubunda idi. O, “Jil Visente”, “Sent Etyen”, “Nansi”, “Sion” və “Sirinq” kimi klubların da formasını geyinib, yığmada 10 oyuna 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: