İtaliya Antidopinq Agentliyi Poqbanı müvəqqəti diskvalifikasiya etdi

İtaliya Antidopinq Agentliyi “Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbanı müvəqqəti olaraq diskvalifikasiya edib.

Arena.az bu barədə İtaliya Antidopinq Agentliyinin rəsmi məlumatına istinadən bildirir.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turundan sonra Poqbanın verdiyi dopinq-test müsbət nəticə verib. Futbolçunun qanında testosteron səviyyəsinin hədindən artıq yüksək olduğunu müəyyən edilib. Bu, terapevtik maddə istisnasız qəbul edilməməlidir. Müvəqqəti diskvalifikasiyanın araşdırmalarqabağı bir tədbir olduğu vurğulanır. Ümumiyyətlə isə Poqba dörd illik diskvalifikasiya ilə cəzalana bilər. Futbolçunun özü və klub hələlik bu barədə rəsmi açıqlama verməyib.

Poqba açılış turunda “Yuventus”un səfərdə “Udineze”yə qarşı keçirdiyi oyunda (3:0) meydana çıxmayıb, futbolçu oyun boyu ehtiyat oyunçular skamyasını “qızdırıb”.

“Yuventus” 3 turdan sonra 7 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb və hərəyə 9 xal toplamış “İnter” və “Milan”ı təqib edir.

Xatırladaq ki, Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində iki oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 9 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.