Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində doğma meydanda “Pendikspor”la qarşılaşıb.
Adana təmsilçisi bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. İlk hissədə iki qol vuran meydan sahibləri matçın son dəqiqələrində darmadağını rəsmiləşdiriblər.
Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. Adana klubunda 71 nömrəli formanı seçən millimizin qolkiperin oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Adana Dəmirspor” bu qələbədən sonra 8 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Türkiyə klubu ilə bir neçə gün öncə 2 illik müqavilə bağlayıb.


