Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz startda Türkiyə yığması ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 3:1 hesablı qələbə qazanıb. Sabir Allahquliyev və Amid Nəzərovun dubl etdiyi oyunda millimizin digər qolunu Orxan Məmmədov vurub.
Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.
Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 25-nə qədər davam edəcək. Komandamız turnirdə növbəti oyununu sabah Rumıniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-da başlayacaq.
B qrupunda yer alan Azərbaycan millisi sentyabrın 21-də də İsveçrə ilə üz-üzə gələcək.


