Futbol üzrə Argentina yığmasının və “Elçe”nin hücumçusu Lukas Boye İspaniya La Liqasında mübarizə aparan “Qranada”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qranada” onun transferi üçün 7 milyon avrosundan keçib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Lukas Boye 2020-ci ilin sentyabrından “Elçe”də forma geyinirdi. O, bu komandadan başqa “River Pleyt”, “Nyuels Old Boys”, “Torino”, “Selta”, AEK (Afina), “Ridinq” kimi klubların da formasını geyinib. Hücumçu Argentina yığmasında da 1 oyun keçirib.
“Qranada” beş futbolçusu ilə də yollarını ayırıb. Komandanın sağ cinah müdafiəçisi Alberto Soro Portuqaliyanın “Vizela” klubuna, mərkəz yarımmüdafiəçisi Viktor Meseger isə “Valyadolid”ə icarəyə verilib. Hər iki futbolçunun mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb.
“Qranada”nın Fransadan olan mərkəz yarımmüdafiəçisi Yann Bodiger azad agent kimi “Tenerife”yə keçib. 28 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Bodiger “Qranada”ya ötən ilin yayında qoşulmuşdu. O, bu komandada 33 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Komandanın digər mərkəz yarımmüdafiəçisi İsma Ruis də “Kordoba” ilə anlaşıb. 22 yaşlı ispan futbolçu da yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Qranada”nın öz yetirməsi olan İsma Ruis bu klubun əsas komandasında 14 oyun keçirib.
Hücumçu Antonin Kortes Heredia isə “Luqo”ya üz tutub. 23 yaşlı ispan yeni klubunda 4 illik müqaviləyə imza atıb. O, 2020-ci ildən oynadığı “Qranada”da cəmi 9 matça çıxıb, 1 qola imza atıb.


