“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in İngiltərə çempionatında ardıcıl iki oyunda məğlub olması haqda danışıb.
Arena.az məlumat verir ki, adətən predmetsiz söhbətlərdən uzaq duran “Pep” bu dəfə onu ardıcıl iki məğlubiyyətdə məzəmmət edən ağzıgöyçəkləri fakt qarşısında qoyub:
“Mançester Siti”nin ardıcıl iki oyunda məğlub olması xəbər deyil. Ardıcıl 12 məğlubiyyətdən sonra “Arsenal”ın “Mançester Siti”ni ilk dəfə məğlub etməsi – xəbərdir”, – jurnalist Aleks Kruk müvafiq xüsusda Qvardiolanın sözlərindən sitat gətirir.
Xatırladaq ki, İngiltərə çempionatının 7-ci turu çərçivəsində “Mançester Siti” səfərdə “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olmuşdu. Növbəti turda isə Qvardiolanın yetirmələri Londonda “Arsenal”a 0:1 hesabı ilə məğlub olublar.
Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasında 18 xalla 3-cü pillədə qərarlaşıb. 20 xal toplamış “Tottenhem” və “Arsenal” müvafiq olaraq 1-ci və 2-ci pillələrdə qərarlaşıblar.
“Siti” növbəti oyunda oktyabrın 21-də “Brayton”u qəbul edəcək.


