MOİK 300-cü qələbəsini qazandı, 5-ci oldu

Hazırda futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan MOİK ötən gün səfərdə “Karvan”a 3:0 hesabıyla qalib gəlib.

Arena.az xəbər verir ki, Birinci Liqanın 5-ci turu çərçivəsində baş tutan bu oyun “hərbçilər” üçün əlamətdar olub.

Belə ki, Bakı klubu 2023/2024 mövsümündə 3-cü qələbəsini qazanıb. Bu, klubun tarixində yubiley uğuru olub.

Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü qələbəsini qazanıb. 1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olub.

Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, Birinci Liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.

MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qələbə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: