Lion “Olimpik”inin əsas səhmdarı, amerikan milyarder Con Tekstor etiraf edib ki, o, fransız mütəxəssis Loran Blanı yayda işdən çıxarmalı idi.
Arena.az bu “Get French Football News” dərgisinə istinadən məlumat verir:
“Mövsümlərarası heç bir iş görülmədi. Mən səhv etdim. Yayda heyətində fəsad yaşayan Belçika “Molenbek”i yoldaşlıq görüşündə bizi məğlub edəndə qərar verməli idim”, deyə Con Tekstor təəssüflə etiraf edib.
Xatırladaq ki, oktyabrın 22-də Fransa Liqa 1-in 9-cu turu çərçivəsində italyan mütəxəssis Fabio Qrossonun çalışdırdığı Lion “Olimpik”i evdə, “Qrupama” stadionunda “Klermon”u qəbul edib və 1:2 hesabı ilə məğlub olub.
Autsayderlərin döyüşündə “Klermon” 3 xal qazanmaqla, xal ehtiyatını 5-ə yüksəldib və sonuncu pillədən qurtulub. Lion təmsilçisi isə 3 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində can verir. “Uşaqlar” adı ilə tanınan komanda sözün hərfi mənasında öz bərbad çıxışı ilə bu adını mənfi mənada doğruldur.
Lion “Olimpik”i Fransa futbolunun nəhənglərindən hesab edilir. Vaxtilə əfsanəvi braziliyalı Juninyo Pernambukanunun komandada çıxış etdiyi dövrdə lionlular 7 dəfə (2001-2008) ardıcıl Fransa çempionatının qalibi olmuşdular. Həmin dövrdə komanda Çempionlar Liqasını qazanmağa belə, iddialı idi. “Olimpik” həmçinin Fransa Kubokunun beşqat, Fransa Super Kubokunun səkkizqat qalibidir. Həmçinin Lion klubu hazırda mövcud olmayan Fransa Liqa Kubokunu bir dəfə qazanıb. 1997-ci ildə “Olimpik” UEFA İntertoto Kubokunun qalibi olub. Həmçinin bu klub müxtəlif dövrlərdə UEFA Çempionlar Liqasının, UEFA Kubokunun və Kuboklar Kubokunun yarımfinallarında oynayıb.


