Gündoğan özünə və ailəsinə münasibətdə “Barselona”dan narazıdır

“Barselona”nın türkəsilli almaniyalı mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan Kataloniya klubunda tətbiq edilən ölçülərdən narazıdır.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumar verir.

Mənbənin məlumatına görə, türkəsilli almaniyalı yarımmüdafiəçi Barselonaya gəldikdən sonra klubun futbolçuya və ailəsinə mənzil, nəqliyyat və digər gündəlik işlərində kömək etmədiyinə üzülüb. Nəticədə futbolçu və ailə üzvləri özlərini “tərk edilmiş” hiss ediblər. Onun müvafiq şikayətlə bağlı klubla əlaqə saxladığı vurğulanır. Gündoğan müraciətində “Barselona” oyunçularına münasibətdə hansı məqamların yaxşılaşdırılmasının gərəkli olduğunu qeyd edib. Buna cavab olaraq Kataloniya klubunun nümayəndələri yaranmış vəziyyətə görə Gündoğandan üzr istəyiblər.

Vurğulanır ki, İlkay Barselonaya köçdükdən sonra onun şəxsiyyətinə mətbuatın marağının artdığını hiss edir.

Xatırladaq ki, İlkay “Barselona”ya cari ilin iyulunda “Mançester Siti”dən azad agent qismində keçib. Cari mövsümdə o, Kataloniya təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, İlkay geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərib və “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan hazırda kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 71 oyuna 18 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: