Pedri yardım məqsədilə butslarını və köynəyini hərraca çıxardı

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Pedri butslarını və formasını satışa çıxarıb.

Arena.az xatırladır ki, 2023-cü il avqustun 15-də Tenerife adasında 90 km perimetr boyunca təxminən 14 min hektar ərazini əhatə edən güclü meşə yanğını baş verib.

“Mundo Deportivo”nun yaydığı məlumata görə, adadakı təbii fəlakət qurbanlarına yardım məqsədilə Pedri butslarını satışa çıxarıb. O, həmçinin avqustun 20-də “Kadis”ə qol vurduqdan sonra nümayiş etdirdiyi “Fuerza Tenerife” yazılı köynəyini də hərraca qoyub.

Butslar və köynək imzalanacaq və hərracda qalib gəlmiş hər kəsə həsr olunacaq. Toplanmış pul vəsaiti “Qırmızı Xaç” Cəmiyyətinin ada ərazisində təbii fəlakətlər təhlükəsinin azaldılması layihəsinin gerçəkləşdirilməsi üçün köməyə sərf ediləcək.

Layihə adanın əhalisinə ətraf mühitlə bağlı ekoloji riskləri müəyyən etməyə və onları yeni fövqəladə hallar zamanı azaltmaq (yumşaltmaq) imkanına malik olmaq üçün təhlil etməyə kömək edəcək. Eyni zamanda layihə ailələrə mülki müdafiə məsələləri və fövqəladə halların öhdəsindən gəlmək yolları haqqında təlimləri nəzərdə tutur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: