Fatih Tekke rəsmən “Alanyaspor”da!

Türkiyə millisinin sabiq üzvü Fatih Tekke Super Liqa təmsilçisi “Alanyaspor”un yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefa vermiş Ömer Erdoğanı əvəz edib.

Ömer Erdoğan Super Liqanın 10-cu turunun “Sivasspor”la ev oyunundakı məğlubiyyətdən (1:2) sonra istefasını açıqlamış və klub rəhbərliyi onun bu istəyini qəbul etmişdi. Bu, komandanın cari mövsümdəki 4-cü məğlubiyyətidir. Daha 4 oyunda da heç-heçə etmiş Alanya klubu cəmi 2 qələbə qazanıb. 10 oyuna 10 xal toplamış komanda 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Ömer Erdoğan bu ilin aprel ayından “Alanyaspor”a rəhbərlik edirdi. 46 yaşlı mütəxəssisin müddəti 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləsi var idi. O, Alanya təmsilçisini bütövlükdə 16 oyuna çıxarıb. Bu görüşlərdə 4 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Erdoğan daha öncə “Ankaragücü”, “Hatayspor” və “Fatih Karagümrük”də də baş məşqçi kimi çalışıb.

Fatih Tekke isə sentyabr ayında “İstanbulspor”dan ayrılandan bəri işsiz idi. O, 2022-ci ilin oktyabr ayından İstanbul klubunun baş məşqçisi idi. Tekke bu müddətdə komandanı 30 oyuna çıxarıb (9 qələbə, 5 heç-heçə, 16 məğlubiyyət). 46 yaşlı mütəxəssis əvvəllər də iki dəfə “İstanbulspor”a baş məşqçi təyin olunub. O, məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: