Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Pablo Simeone “döşəkçilər”lə müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Arena.az məlumat verir ki, bu barədə “Atletiko” rəsmi bəyanatla çıxış edib:
“Dieqo Pablo Simeone 30 İyun 2027-ci ilə qədər klubumuzun baş məşqçisi olaraq qalacaq. Argentinalı məşqçi yeni müqaviləsini “Metropolitano” ofisində imzaladı və bununla da 2011-ci ilin dekabrında gəlişi ilə başlamış layihənin davamlılığını qeyd etdi.
O vaxtdan bəri klubumuz ən uğurlu dövrlərindən birini yaşayır. Simeone gələndən bəri biz 8 titul qazanmışıq: 2 La Liqa (2013/2014, 2020/2021), 1 İspaniya Kral Kuboku (2012/2013), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 Avropa Super Kuboku (2012, 2018) və 1 İspaniya Superkuboku (2014). Bu qənimətlərlə 2014 və 2016-cı illərdə Çempionlar Liqasının 2 finalı da əlavə edilir. Bütün bu nailiyyətlər bizə UEFA klub reytinqində 2-ci yeri tutmağa imkan verdi”, – “Atletiko”nun rəsmi bəyanatında deyilir.
Çalışdırdığı müddətdə Simeone “döşəkçiləri” 642 oyuna çıxarıb, 380 qələbə qazanıb, 117 məğlubiyyət alıb, 145 oyundan isə sülhlə ayrılıb, top fərqi 1089:526 nisbətindədir. Cari mövsümün göstəriciləri isə belədir: 15 oyun, 10 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi isə 38:16 nisbətindədir.
Simeonenin “Atletiko”su cari mövsümdə çıxış etdiyi bütün turnirləri qazanmağa iddialıdır. La Liqanın 11 turundan sonra Madrid təmsilçisi 25 xalla 4-cü pillədədir. “Döşəkçilər” Çempionlar Liqasında 4 turdan sonra qrup lideridirlər. Həmçinin “Atletiko” İspaniya Kral Kubokunda da mübarizəyə qoşulacaq.



