Basketbol: “Xəzri” uduzdu, “Neftçi” qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 4-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib. Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb. “NTD-İnqiqo”nun ən məhsuldar basketbolçusu Brendon Votkins olub – 22 xal, 11 ribaund. “Xəzri”də isə Ceremi Maklaflin fərqlənib – 17 xal, 4 ribaund.

Daha sonra “Neftçi” “Sumqayıt”la qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 90:73 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində ən məhsuldar basketbolçu Smit Roderik (22 xal, 9 ribaund), “Neftçi”də isə Kamran Məmmədov (21 xal, 4 assist) olub. Bu qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, onun müvani Mariana Vasileva, “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də olub.

4-cü turun növbəti görüşləri (“Gəncə” – “Xırdalan”, “Şəki” – “Cəlilabad”, “Sabah” – “Sərhədçi”) noyabrın 18-19- da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  2. Neftçi (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  3. NTD-İndiqo (2 oyun, 2 qələbə) – 6 xal
  4. Xırdalan (3 oyun, 2 qələbə, 1 məğlubiyyət) – 5 xal
  5. Sumqayıt (4 oyun, 1 qələbə, 3 məğlubiyyət ) – 5 xal
  6. Sabah (2 oyun, 2 qələbə) – 4 xal
  7. Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
  8. Sərhədçi (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
  9. Gəncə (3 oyun, 3 məğlubiyyət) – 3 xal
  10. Şəki (3 oyun, 3 məğlubiyyət) – 3 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: