Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə oyundan öncə fikirlərini bölüşüb:
Arena.az xəbər verir ki, 67 yaşlı italyan mütəxəssis bu gün Brüsseldə baş tutan mətbuat konfransında bunları söyləyib.
“Bu günə qədər yaxşı mərhələ keçmişik. Komanda bütün oyunlarda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Amma daha çox işləməliyik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Rəqib komandanın Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də öz oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı da yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq.
Mənim yığmadakı taleyim sabahkı oyundan asılıdır? Bu dəqiqə bu, məni maraqlandırmır. Ona görə də bu haqda danışmaq istəmirəm. Hər şey sabah bizim udmağımız və ya uduzmağımızla həll olunmur. Ramil Şeydayevin sabah hücumun sivri ucunda və ya digər mövqelərdə oynamasını təxminən 24 saat sonra biləcəksiniz”.
Canni De Byazi Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AÇ-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: “Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, amma həyatda hər şey mümkündür”.
İtalyan mütəxəssis sabah yenidən Belçikaya qarşı çətin anlar yaşatmaq üçün nələr etmək lazım olduğundan da söz açıb: “Yenə eyni intensivliklə oynamalıyıq. İlk oyunda taktiki baxımdan necə oynamışdıqsa, elə oyun göstərməliyik. Təbii ki, öz imkanlarımızdan yararlanmlıyıq. Birinci oyunda bu alınmadı. 6-cı dəqiqədə çox yaxşı qol şansımız var idi, dəyərləndirə bilmədik. Bu gün uşaqlarla həmin oyuna baxmışıq, hər şeyi onlara söyləmişəm. Rəqibdən çəkinməmişdik. Sabah da eyni ruhda mübarizə aparmaq lazımdır”.
De Byazi son mətbuat konfranslarının hamısına kapitan Emin Mahmudovu gətirməsinə də münasibət bildirib: “Bütün milli komandalarda baş məşqçinin yanında adətən kapitanılar danışır. Fikrimcə, burada qeyri-adi, anormal bir şey yoxdur. Emin millinin kapitanıdır. Ondan hər dəfə xahiş edəndə, razılıq verir, sağ olsun. Sadəcə, ola bilər ki eyni şeyləri təkrarlamaqdan yorulur”.
“Hamı 100 faiz güc qoymalıdır ki…”
Yeri gəlmişkən, konfransa qatılan Emin Mahmudov da qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb: “Sabah biz çox yaxşı komanda ilə oyuna çıxacağıq. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Yaxşı nəticə qazanmaq istəyirik. Yaxşı oyun göstərmək üçün tam hazır olmalıyıq. Hamı 100 faiz güc qoymalıdır ki, bu istəyimizə çataq. Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq”.
Xatırladaq ki, sabah Brüsseldəki “King Baudouin Stadium”da baş tutacaq Belçika – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


