Bir neçə gün öncə Bakıda Azərbaycan millisinə məğlub olmuş İsveç yığmasının baş məşqçisi Yanne Andersson istefa verib.
Arena.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçirdikləri ev oyunundan (2:0) sonrakı mətbuat konfransında açıqlayıb.
2016-cı ildən skandinaviyalıları çalışdıran Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib. Təcrübəli isveçli mütəxəssis bu komandanı bütövlükdə 93 oyuna çıxarıb. Bu oyunlarda 48 qələbə qazanmış isveçlilər, 15 heç-heçə və 30 yenilgi də görüblər.
Xatırladaq ki, Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç yığması 10 xalla üçüncü yeri tutub. 7 xala malik yığmamız 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıda baş tutan matçda isə Azərbaycan 3:0 hesablı qələbə qazanıb.


