18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın üçüncü günündə komandamızın rəqibi estoniyalı voleybolçular olublar.
Qarşılaşma Estoniya yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. Millimiz yenə quru hesabla uduzub – 0:3 (17:25, 9:25, 16:25).
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununu meydan sahibi Latviyaya qarşı keçirmişdi. Komandamız bu oyunda olduğu kimi, Ukrayna ilə görüşdə də 0:3 hesablı məğlubiyyətə üzülmüşdü.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-na qədər davam edəcək çempionatda Gürcüstan, Litva və Polşa yığmaları ilə də qarşılaşacaq.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


