Kemal Özdeş “Kasımpaşa” ilə vidalaşdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssisin ötən gün “Konyaspor”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrıldığı diqqətə çatdırılıb. O, öz istəyi ilə komandadan gedib.

Xatırladaq ki, Özdeş cari ilin aprel ayında bu komandaya baş məşqçi təyin olunmuşdu. İstanbul təmsilçisi bu müddətdə onun rəhbərliyi altında 24 oyun keçirib. Komanda 10 qələbə qazanıb, 5 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb. İstanbul klubu 18 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kemal Özdeş karyerası ərzində üçüncü dəfə bu komandanın sükanı arxasına keçmişdi. O, daha əvvəl 2016-2018-ci illər aralığında İstanbul təmsilçisinə rəhbərlik edib və bu komandanı 86 oyuna çıxarıb (38 qələbə, 14 heç-heçə və 34 məğlubiyyət). Özdeş daha sonra 2019-cu ilin iyun-dekabr ayları aralığında çalışdırdığı bu komanda ilə 15 oyuna çıxıb. Bu görüşlərdə də 5 qələbə, 3 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb.

K.Özdeş “Yeni Malatyaspor”, “Göztəpə”, “Manisaspor”, “Gənclərbirliyi”, “Balıkəsirspor”, “Karşıyaka” və “Elazığspor”da da baş məşqçi kimi çalışıb.

“Kasımpaşa” bu mövsüm Super Liqada keçirdiyi 13 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: