Karlo Ançelotti müasir futbolda bəyəndiyi məşqçilərin adını çəkdi

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti “Bayer”in ispan çalışdırıcısı Xabi Alonso haqda fikirlərini paylaşıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl, Xabi Alonso müsahibəsində Karlo Ançelottinin peşəkar keyfiyyətlərini yüksək qiymətləndirmiş, bir vaxtlar italyan mütəxəssisin rəhbərliyi altında futbolçu kimi çıxış etmiş keçmiş məşqçisini bütün məşqçilərin ustadı olaraq gördüyünü bildirmişdi.

“Mənim haqqımda söylədiyi sözlərə görə Xabiyə minnətdaram. O, təsirli oyunçu idi və mükəmməl keyfiyyətlərə malik olduğu üçün çalışdırıcı kimi fantastik karyerası var. Onu bir məşqçi kimi çox bəyənirəm. Xabi ən çox bəyəndiyim mütəxəssislərdən biridir. Bu sırada Tyaqo Mottanın adını çəkə bilərəm. O, “Real”ın baş məşqçisi olmaq üçün bütün keyfiyyətlərə malikdir. O, bilir ki, bura onun evidir və onu burada sevirlər”, deyə Ançelotti öz növbəsində bildirib.

Vurğulayaq ki, son vaxtlar mətbuatda Xabi Alonsonun “Real”ın baş məşqçisi vəzifəsində Karlo Ançelottini əvəz edə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Tərəfələr bunu ciddiyə almasalar da, mütəxəssislər bu təyinatın zaman məsələsi olduğu qənaətindədirlər.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Papa Karlo” “Real”ı 18 oyuna çıxarıb, 15 qol qələbə qazandırıb, 2 oyunda sülhlə barışıb, cəmi 1 oyunda məğlub olub. “Qaymaqlılar” 40 qol vurublar, 12 qol buraxıblar.

Karlo Ançelottinin “Kral klubu”nda ümumi statistikası isə belədir: 254 oyun, 184 qələbə, 32 heç-heçə, 38 məğlubiyyət, top fərqi isə 612:230 nisbətindədir.

Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. Vurğulayaq ki, İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: