Lionel Messi: “Tanrı mənim dünya çempionu olmağımı istəyirdi”

Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi 2022 FIFA Dünya Kubokunu qazanmağın onun üçün nə demək olduğunu açıqlayıb.

Arena.az ESPN portalının Argentina şöbəsinə istinadən, Messinin müvafiq mövzuda fikirlərini təqdim edir:

“Bu, ən xoş hadisədir. Hər kəsin müəyyən arzuları var, amma onlardan ən əsası – öz komandası ilə Dünya Kubokunu qazanmaqdır. “Barselona” ilə həm klub səviyyəsində, həm də fərdi səviyyədə hər şeyi qazanmaq mənə qismət oldu. Çatışmayan ancaq bu idi. Çox az futbolçu hər şeyə nail olduğunu deyə bilər. Tanrıya şükürlər olsun ki, mən də onlardan biriyəm. Səy, fədakarlıq, əmək və təvazökarlıq sayəsində nəhayət məqsədlərinizə çatırsınız.

Yol çətin ola bilər, amma arzuların uğrunda mübarizəni davam etdirməlisən. Bir neçə il əvvəl dünya çempionu olacağıma əmin idim. Bu, Braziliyada keçirilmiş finalda məğlubiyyətdən əvvəl olub. Sonra belə oldu. Mən bilirdim ki, tanrı mənim dünya çempionu olmağımı istəyir”.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Xəbəri sosial şəbəkələrdə paylaş: