Mark-Andre ter Ştegen uğurla cərrahi əməliyyat edildi

“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen bel nahiyəsindən Fransada fəsadsız, uğurla cərrahi əməliyyat edilib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, belə bir əməliyyat mürəkkəb deyil və fəsad təhlükəsi daşımır, ona görə də yaxın vaxtlarda Kataloniya klubunun qapıçısı əməliyyatdan sonra bərpa prosesinə başlaya biləcək. Onun bu məqsədlə Barselonaya dönəcəyi gözlənilir.

Ter Ştegenin “Barselona”nın bu əməliyyatın təfərrüatını yaymasına qarşı çıxdığı, səhhəti ilə bağlı təfərrüatın məxfiliyini qorumağa çalışdığı vurğulanır. Hazırda futbolçunun bərpa müddəti ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Ter Şteqen noyabrda Almaniya yığmasının düşərgəsində olarkən bel nahiyəsindəki şiddətli ağrılar qapıçını narahat etməyə başladığı üçün, o, “Barselona”nın bazasına qayıtmalı olmuşdu. Ağrılar səbəbindən alman qapıçı kataloniyalıların bir neçə oyununu buraxmalı olmuşdu.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.

Cari mövsümdə Ter Ştegen “Barsa”nın heyətində 17 oyuna 15 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 394 oyun keçirib, 383 qol “yeyib” və 165 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyuna 47 qol buraxıb, 11 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Mark-Andre ter Ştegeni 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: