“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta hakimləri tənqid etdiyinə görə İngiltərə futbol səlahiyyətlilərinə hesabat verib.
Arena.az bu barədə “Daily Mirror” dərgisinə istinadən məlumat verir.
Arteta İngiltərə Premyer Liqasının 11-ci turunun “Nyukasl” – “Arsenal” oyunundan (1:0) sonra hakimliklə bağlı tənqidi sözlərinin müzakirəsi üçün İngiltərə Futbol Assosiasiyasının nümayəndələri ilə görüşə çağırılıb.
Bildirilir ki, bu görüş zamanı Arteta mövcud vəziyyətlə bağlı mövqeyini açıqlamalı olub, çünki hazırda ispan mütəxəssis İngiltərə futbol səlahiyyətliləri tərəfindən, oyun rəsmilərini təhqir etmək və oyuna ziyan vurmaq ittihamları ilə üzləşib.
Xatırladaq ki, Mikel Arteta hakimlər briqadasının “Nyukasl”ın futbolçusu Entoni Qordonun vurduğu qələbə qolunu hesaba alması ilə razılaşmamışdı. Oyundan sonra “Arsenal”ın baş məşqçisi bu görüşdəki hakimliyin “ayıb” olduğunu və İngiltərə çempionatının səviyyəsinə uyğun olmadığını car çəkmişdi.
Hazırda Mikel Artetanın “topçular”ı 15 turdan sonra 36 xalla Premye Liqanın turnir cədvəlinə başçılıq edirlər.


