Pol Poqbanın vəkilləri cəza müddətini azaltmağa çalışırlar

“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbanın futbolçu karyerasının gələcəyi ciddi təhlükə altındadır.

Arena.az “La Gazzetta dello Sport” dərgisinə istinadən məlumat verir ki, Poqbanın nümayəndələri İtaliya Antidopinq Prokurorluğunun futbolçunun 4 illik diskvalifikasiyasını tələb edən qərarı ilə razılaşmırlar və cəza müddətinin 4 ildən 2 ilə endirilməsi üçün prokurorluqla müvafiq danışıqlar aparmağı planlaşdırırlar.

Mənbənin məlumatın görə, Poqbanın ətrafı anlayır ki, futboldan 4 illik kənarlaşdırılması, əslində futbolçunun karyerasının sonu deməkdir.

Vurğulanır ki, oyunçunun nümayəndələri hər hansı uzunmüddətli diskvalifikasiyadan qaçmaq ümidi ilə belə, müvafiq cəzanın bu vəziyyətdə münasib həll yolu olduğuna inanmırlar.

Fransız yarımmüdafiəçi “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: