“Ankaragücü” klubunun yeni prezidenti bəlli oldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubunun yeni prezidentinin kimliyi müəyyənləşib.

Arena.az xəbər verir ki, ötən gün Faruk Kocanın istefasından sonra klubun idarə heyətinin təcili iclası çağırılıb.

İclasda Faruk Kocanın istefası qəbul olunub. Onun əvəzində səs birliyi ilə İsmail Mert Fırat klubun yeni prezidenti seçilib.

Xatırladaq ki, Ankara təmsilçisinin prezidenti Faruk Koca Super Liqanın 15-ci turu çərçivəsində baş tutan “Rizəspor”la ev oyunundan (1:1) dərhal sonra meydana çıxaraq baş hakim Halil Umut Melerin sifətinə yumruq atmışdı. Bu, qardaş ölkə futbolunda böyük əks-sədaya səbəb olub. Faruk Koca bu olaya görə saxlanılıb. Onun həm TFF tərəfindən cəza alması, həm də bir neçə il həbsdə qalması gözlənilir.

“Ankaragücü” bu mövsüm Super Liqada 18 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: