Serxio Ramos – Çempionlar Liqasının ən məhsuldar müdafiəçisi!

“Sevilya”nın ispan mərkəz müdafiəçisi Serxio Ramos Çempionlar Liqasında ən sərrast müdafiəçi adına sahib olub.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində səfərdə “Lans”ın qonağı olmuş “Sevilya”nın heyətində penaltidən fransızlara qol vurmuş Serxio Ramos, mötəbər turnirdə iştirak etmiş müdafiəçilər arasında ən çox qol vurmuş müdafiəçi olub – 17 qol.

Serxio Ramos həmçinin Çempionlar Liqasında penaltini dəqiq yerinə yetirmiş ən yaşlı futbolçudur – 37 yaş 257 günlüyündə.

Ramosun fərdi nailiyyətlərinə rəğmən, komandası 1:2 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb. “Sevilya” 2 xalla “B” qrupunu autsayder kimi tamamlayıb.

Veteran Ramos cari ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubu “Sevilya”ya qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ümumlikdə Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.
Cari mövsümdə Ramos “Sevilya”nın heyətində 12 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Serxio 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: