UEFA Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin sonuncu – 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

E qrupunda Madrid “Atletiko”su İtaliya təmsilçisi “Latsio”nu qəbul edib. Növbəti mərhələyə vəsiqəni təmin etmiş komandalar qrup liderliyi üçün mübarizə aparıblar. Bu mübarizədən ispanlar qalib ayrılıblar. Şotlandiya “Seltik”i isə Niderland “Feyenoord”unu məğlub yola salıb.

F qrupunda İtaliya nəhəngi “Milan” İngiltərədə “Nyukasl”ın qonağı olub və əzmkar qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə Almaniyada Fransa çempionu PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşma bərabərliklə yekunlaşıb. Bu nəticələrdən sonra “Borussiya” 1-ci yerlə mərhələ adlayıbsa, PSJ ikinci olub. Paris klubu ilə eyni xala malik “Milan” Avropa Liqasına yollanmaq məcburiyyətində qalıb.

G qrupunda ÇL-in son qalibi “Mançester Siti” Serbiyada “Srvena Zvezda”nın müqavimətini çətinliklə qırıb. Yeri gəlmişkən, bu oyunu Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edib. Qrupun digər matçında Almaniyanın “Leypsiq” komandası İsveçrə “Yanq Boyz”una qalib gəlməklə qrup ikincisi olub.

H qrupunda isə İspaniya nəhəngi “Barselona” Belçikada “Antverpen”in qonağı olub və məğlubiyyətə üzülüb. Lakin bu, katalonların qrup liderliyinə xələl gətirməyib. Donetsk “Şaxtyor”u (Ukrayna) da səfərdə “Portu”ya uduzub. Bu qələbə Portuqaliya təmsilçisini növbəti mərhələyə daşıyıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına 2024-cü ilin fevral ayının 13-də start veriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
13 dekabr

E qrupu

“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0
Qollar: Qrizmann, 6. Lino, 51.

“Seltik” (Şotlandiya) – “Feyenoord” (Niderland) 2:1
Qollar: Palma, 33-pen. Laqerbielke, 90+1 – Minteh, 82.

Xal: Atletiko – 14. Latsio – 10. Feyenoord – 6. Seltik – 4.

F qrupu

“Nyukasl” (İngiltərə) – “Milan” (İtaliya) 1:2
Qollar: Joelinton, 33 – Pulişiç, 59. Çukvueze, 84.

“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Adeyemi, 51 – Zair-Emeri, 56.

Xal: Borussiya – 11. PSJ – 8. Milan – 8. Nyukasl – 5.

G qrupu

“Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) 2:3
Qollar: Beom, 76. Katay, 90+1 – Hamilton, 19. Bobb, 62. K.Fillips, 85-pen.

“Leypsiq” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 2:1
Qollar: Şeşko, 51. Forsberq, 56 – Kolli, 53.

Xal: Mançester Siti – 18. Leypsiq – 12. Yanq Boyz – 4. Srvena Zvezda – 1.

H qrupu

“Portu” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3
Qollar: Qaleno, 9; 43. Taremi, 62. Pepe, 76. Konseysao, 82 – Sikan, 29. Eustakio, 73-öz qapısına. Equynaldo, 88.

“Antverpen” (Belçika) – “Barselona” (İspaniya) 3:2
Qol: Vermeren, 2. Yanssen, 56. İlenikhena, 90+2 – F.Torres, 35. Qiu, 90+1.

Xal: Barselona – 12. Portu – 12. Şaxtyor – 9. Antverpen – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: