“Antverpen”in baş məşqçisi Mark van Bommel komandasının Çempionlar Liqasında “Barselona” ilə oyununda (3:2) qazandığı qələbəni şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Azarkeşlərimizlə möhtəşəm bir axşam oldu. Fantastik qolla çox yaxşı başladıq. Oyunda fərq yaradan kiçik xüsuslar vardı. Əks-hücumda ilk zərbədən qol buraxdıq. Yenidən önə keçəndə stadion partladı.
Hesab 2:2 olanda düşündüm: “Yenə”. “Şaxtyor” və “Portu”ya qarşı çox yaxşı oynadıq, lakin ikinci hissədə nəzarəti itirdik və hər iki oyunda məğlub olduq. Bu dəfə bir dəqiqə sonra qələbə qolunu vurduq. Bu, heyrətamiz idi”, deyə Van Bommel bildirib.
Vurğulayaq ki, turnirin qrup mərhələsinin sonuncu, 6-cı turunda qazadığı bu qələbə “Antverpen” üçün Çempionlar Liqasının cari mövsümündə ilk qələbədir. Belçika təmsilçisinin 3 xalı var və turnirlə vidalaşsa da, adından söz etdirə bilib. “Barselona” 12 xalla “H” qrupunu qalib kimi başa vurub. Eyni miqdarda xal toplamış “Portu” 2-ci olub. Hər iki komanda turnirin ələmə mərhələsinə vəsiqə qazanıb. 9 xal toplamış Donetsk “Şaxtyor”u isə mübarizəsini Avropa Liqasında davam etdirəcək.


