“Barselona”nın baş məşqçisi Xavi komandasının son nəticələrinə görə vəzifəsindən qovulacağına dair sualı cavablayıb.
Arena.az “Mundo Deportivo”ya istinadən, ispan mütəxəssisin bu xüsusda fikirlərini təqdim edir:
“Çempionlar Liqasından kənarda qalsaydıq, ətrafımdakı hay-küyü başa düşərdim. Amma biz aşağı liqaya düşmürük və La Liqa çempionluğu yolundayıq. Bəli, inkişaf etməliyik, lakin hazırda dörd turnirdə qələbə üçün mübarizə aparırıq. Xatırladım ki, bir ay əvvəl siz məndən “Barselona”nın yeni Ferqyusonu olacağım haqda soruşmuşdunuz”, deyə Xavi bildirib.
Xatırladaq ki, Ser Aleks Ferqyuson uzun müddət “Mançester Yunayted”in baş məşqçisi kimi çalışıb. O, 1986-2013-cü illərdə “qırmızı şeytanlar”a rəhbərlik edib.
Hazırda Xavinin “Barselona”sı 16 turdan sonra 34 xalla La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Kataloniya nəhəngini əzəli rəqibi “Real” (39 xal) və La Liqanın lideri “Jirona” (41 xal) qabaqlayır. Həmçinin “Barselona” Çempionlar Liqasının qrup mərhələsini lider olaraq başa vurub və 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Xavinin adı ətrafında şiddətlənmiş bu şayiələrin əsasında komandanın son iki oyunda ardıcıl iki gözlənilməz məğlubiyyətidir. La Liqanın 16-cı turunda evdə “Jirona”ya 2:4 hesabı ilə məğlub olmuş “Barsa”, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Antverpen”ə 2:3 hesabı ilə məğlub olub.


