Super Liqa bərpa olundu, amma yeni qalmaqal yaşandı – Video

Futbol üzrə Türkiyə çempionatı (Super Liqa daxil olmaqla digər liqalar da) bu gün – dekabrın 19-dan etibarən bərpa olunub.

Arena.az xəbər verir ki, bu gün müxtəlif liqalarda oyunlar baş tutub.

Super Liqada da 17-ci tura start verilib. İlk oyun günündə üç qarşılaşma baş tutub. Lakin həmin oyunlardan biri başa çatmayıb. Belə ki, “İstanbulspor” – “Trabzonspor” matçı 73-cü dəqiqəyə kimi davam edib. İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu 73-cü dəqiqədə meydana enərək futbolçularını paltardəyişmə otağına göndərib. Komanda üzvləri əvvəlcə onunla razılaşmasa da, sonda tələbi yerinə yetiriblər.

İstanbul klubunun bu addımına hakimlərin qərarı səbəb olub. Belə ki, meydan sahiblərinin hücumu zamanı qayda pozulsa da, hakimlər davam işarəsi veriblər. Nəticədə epizodun davamında “Trabzonspor” 68-ci dəqiqədə daha bir qol vuraraq hesabda 2:1 önə keçib. Bu isə “İstanbulspor” cəbhəsində böyük narazılıqla qarşılanıb.

Qarşılaşma artıq ləğv olunub. Oyunun nəticəsi ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) qərar verəcək. “İstanbulspor”un baş verənlərə görə cəzalanması və texniki məğlubiyyət alması gözlənilir.

Xatırladaq ki, Türkiyə Super Liqasında 16-cı turun sonuncu qarşılaşması olan “Ankaragücü” – “Rizəspor” matçı da qalmaqalla bitmişdi. Həmin oyunda da meydan sahiblərinin artıq sabiq prezidenti Faruk Koca meydana çıxaraq baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Bu üzdən TFF Super Liqa başda olmaqla bütün liqaların dayandırılmasına qərar vermişdi. Həmin hadisəyə görə Faruk Koca TFF tərəfindən ömürlük cəzalandırılıb, üstəlik, o, həbs olunub və məhkəmə qarşısına çıxarılacaq. “Ankaragücü” klubu da olaylarla əlaqədar müxtəlif cəzalara layiq görülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: