Xavi 2024-cü il üçün arzusunu açıqladı

Kataloniya nəhəngi “Barselona”nın baş məşqçisi Xavi Ernandes qarşıdan gələn 2024-cü il üçün arzusundan danışıb.

Arena.az “Barca Universal” dərgisinə istinadən, Xavinin müvafiq xüsusda sözlərini təqdim edir:

“2024-cü il və klubun 125 illiyi ilə əlaqədar arzum – bütün klub, xüsusən də futbol üçün sağlamlıq, əmin-amanlıq və idman uğurlarıdır. Ümidvaram ki, bunun üçün çalışacağıq. İdman baxımından mümkün qədər çox qənimət qazanmaq istəyirik. Düzdür, keçən il yaxşı mövsüm keçirdik, amma təbii ki, builki hədəflər qüvvədə qalır. Mən istəyirəm ki, 2024-cü il də ən azı 2023-cü il qədər yaxşı olsun”.

Hazırda, İspaniya La Liqasının 18 turundan sonra “Barselona” 38 xalla 4-cü pillədə qərarlaşıb. Kataloniyalılar həm Çempionlar Liqasında və həm də İspaniya Kral Kubokunda mübarizəni davam etdirirlər.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: