Hasan Arat: “O futbolçularla bağlı qərarı yeni baş məşqçi verəcək”

“Beşiktaş”ın yeni prezidenti Hasan Arat komandaya yeni baş məşqçi təyinatı və qış fasiləsi zamanı transfer planlarından danışıb.

Arena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Hələ baş məşqçi seçimimizi etməmişik. Bizim açılamamız olmadan çıxan söhbətlərə etibar etmək olmaz. Media haqlı olaraq bir çox mütəxəssisdən danışır. Görüşdüyümüz bəzi şəxslər var. Bunlar çox yaxında açıqlanacaq. Tezliklə yeni məşqçini açıqlayacağıq”.

O, qısa müddət ərzində “Beşiktaş”a rəhbərlik etmiş Rıza Çalımbayın istefasına da toxunub: “Çalımbay “Beşiktaş”ın dəyərli, əfsanəvi və unudulmaz kapitanıdır. Ona görə də klubumuzda Rıza bəyin hər zaman xüsusi yeri var. “Beşiktaş” ictimaiyyəti Rıza Çalımbayı müzakirə etmir. Ayrılığımızın ürəklərdə olması mümkün deyil, bunu müvəqqəti ayrılıq kimi dəyərləndirmək lazımdır”.

Hasan Arat heyətlə bağlı planlarından da söz açıb: “Məşqçi transferi kimi, futbolçu transferi də gündəmdədir. Transfer dönəmində bunları bizdən eşidəcəksiniz. Çoxlu zədəli futbolçumuz var, onların müalicəsi davam edir. Bunun üçün ən önəmlisi yeni baş məşqçimizin qərarı olacaq. Onun planı ilə bütün ehtiyaclar ödəniləcək. Hazırda heyətdən kənarda qalan bəzi futbolçularımız var. Onlar bizim müqaviləli futbolçularımızdır. Məşqçimiz gələn kimi bu qərarı dəyərləndirəcək. Onlarla işləməyə davam edəcəyik. Bir daha qeyd edirəm ki, həmin futolçularla bağlı qərarı yeni baş məşqçimiz verəcək”.

Xatırladaq ki, bu mövsümün gedişində Şenol Günəş, Burak Yılmaz və Rıza Çalımbayla yollarını ayırmaq məcburiyyətində qalmış “Beşiktaş” qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda qış fasiləsinə 17 oyuna topladığı 29 xalla yollanıb. “Qara qartallar” hazırda 5-ci pillədə qərarlaşıblar.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: