“Qalatasaray” – “Fənərbaxça” Super Kubok matçı təxirə salındı

Bu axşam Türkiyə Super Kuboku uğrunda keçirilməli olan “Qalatasaray” – “Fənərbaxça” oyunu öncəsi qalmaqal qeydə alınıb.

Arena.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməli olan bu matçdan öncə ərəblər Türkiyə nəhənglərinə qarşı sürpriz qadağalar qoyublar.

Belə ki, matç ərəfəsində təşkilatçılar Türkiyə himninin oxunmasını, komandaların və azarkeşlərin Mustafa Kamal Atatürkün şəkilləri olan formaları geyinməsinə, “Yurdda sulh, cahanda sulh” şüarının arenada nümayişini qadağan ediblər. Bu barədə ilkin xəbərlər yayılandan sonra Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb. Açıqlamada himnin oxunacağı, türk bayrağının qaldırılacağı vurğulanıb. Həmçinin Atatürk forması və bəzi şüarlara qoyulan qadağanın da aradan qaldırılması üçün Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşüldüyü diqqətə çatdırılıb. Lakin matç saatı yaxınlaşdıqca yayılmış xəbərlərin heç də əsassız olmadığı üzə çıxıb.

Yaşanan böhranla əlaqədar Super Kubok matçının iştirakçısı olan klubların və TFF-nin rəhbərliyi təcili bir araya gəliblər. İclasda TFF prezidenti Mehmet Büyükekşi, “Qalatasaray”ın prezidenti Dursun Özbək və “Fənərbaxça”nın prezidenti Ali Koç iştirak ediblər. Onlar bu məsələni həll etməyə çalışıblar. Amma Səudiyyə Ərəbistanı tərəfi onların bütün tələblərini yerinə yetirmək istəmədiyi üçün Super Kubok matçının baş tutmayacağı elan edilib. Artıq hər iki klubun rəsmiləri oyunun keçiriləcəyi arenanı tərk etməyə başlayıblar. Komandalar isə ümumiyyətlə qaldıqları oteli tərk etməyiblər.

Xatırladaq ki, “Qalatasaray” – “Fənərbaxça” matçı bu axşam Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: