Bu mövsümün əvvəlindən “Fatih Karagümrük”dən ayrılaraq ölkəsinə qayıdan italiyalı Andrea Bertolaççi yenidən Türkiyə klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama verib.
Təcrübəli italyan futbolçunun bu mövsümün sonuna qədər “Fatih Karagümrük”də oynayacağı diqqətə çatdırılıb: “İtaliya B Seriyasının komandası “Kremoneze”də oynayan və eyni zamanda köhnə oyunçumuz olan yarımmüdafiəçi Bertolaççi ilə mövsümün sonuna qədər razılaşdıq. Bertolaççiyə uğurllar arzulayırıq”.
Xatırladaq ki, Andrea Bertolaççi 2020-ci ilin sentyabrında “Sampdoriya”dan ayrıldıqdan sonra 2020/2021 mövsümünün ilk dövrəsində heç bir komandada oynamamışdı. Həmin mövsümün ikinci dövrəsində isə o, “Fatih Karagümrük”ə üz tutmuşdu. Eyni mövsümün sonunda bu komandadan ayrılan italyan yarımmüdafiəçi Türkiyənin digər klubu “Kayserispor”a keçmişdi. Bu ilin yanvarında yenidən “Fatih Karagümrük”ə qayıdan 32 yaşlı oyunçu ötən mövsümün sonunda İstanbul klubundan ayrılaraq “Kremoneze”yə üz tutmuşdu. O, bu mövsüm İtaliya klubunda cəmi 8 oyuna çıxıb və 1 qola imza atıb.
Bertolaççi üçüncü dəfə müqavilə bağladığı “Fatih Karagümrük”də indiyə qədər 52 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “Kayserispor” karyerası isə 22 oyun, 2 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
“Roma”nın yetirməsi olan futbolçu, karyerası ərzində “Cenoa” və “Leççe”də də çıxış edib. O, İtaliya milli komandasında da 5 matç keçirib.
“Fatih Karagümrük” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
Bahar Rüstəmzadə


