Zidanın oğlu atasının hansı klubu çalışdıra biləcəyini bildirdi

İspaniyanın “Eybar” klubunun qapıçısı, “Real”ın keçmiş baş məşqçisi Zinədin Zidanın oğlu Luka Zidan maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Luka Zidan atası Zinədin Zidanın yaxın gələcəkdə hansı klubu çalışdıra biləcəyi ilə bağlı fikir mübadiləsi edib:

“Atam haqqında Marseldəki iş məzmununda danışmaq qadağa deyil. Ancaq harada işləmək və hansı komandaya məşqçilik etmək istədiyinə yalnız o qərar verəcək. Nə olursa olsun, onun verdiyi qərardan məmnun qalacağıq. Amma onu PSJ-də görmək ehtimalı bir qədər azdır (gülümsəyir)”, deyə Zidanın oğlu bildirib.

Xatırladaq ki, Zinədin Zidan Marseldə anadan olub. 2020-ci ildə mətbuatda Marsel “Olimpik”inin rəhbərliyinin fransız mütəxəssisi komandanın baş məşqçisi kimi görmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Zidanın son iş yeri “Real” olub.

“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: