Türkiyənin “Konyaspor” klubu qapıçısı Pol Bernardoni və mərkəz müdafiəçisi Fransisko Kalvo ilə yollarını ayırıbı.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransadan olan Pol Bernardoninin karyerasını harada davam etdirəcəyi bilinmir. 26 yaşlı qolkiper hazırda azad agent statusuna malikdir. Fransisko Kalvonu isə Meksikanın “Xuares” klubu heyətinə qatıb. 31 yaşlı kosta rikalı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Pol Bernardoni “Konyaspor”a 2023-cü ilin avqust ayında Fransanın “Anje” klubundan gəlmişdi. O, Super Liqa təmsilçisində 17 oyuna çıxıb, 22 qola imza atıb, 4 “quru” matç keçirib. Fransalı qolkiper karyerası ərzində “Anje”, “Olimpik” (Nim), “Klermon”, “Sent Etyen”, “Trua”, “Bordo” kimi klublarda da forma geyinib. Bernardoni Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Fransisko Kalvo isə “Konyaspor”a 2022-ci ilin iyul ayında “San Xose”dən gəlmişdi. Təcrübəli müdafiəçi Türkiyə klubunun heyətində 55 oyuna çıxıb və 4 qola imza atıb. O, karyerası ərzində “Herediano”, “Saprissa”, “Çikaqo”, “Minnesota”, “Peres Seledon”, “Santos” və “Nordsyelland” kimi klublarda da forma geyinib. Kalvo 2011-ci ilin iyul ayında debüt etdiyi Kosta Rika milli komandasında 87 oyuna çıxıb, 9 qola imza atıb.
2023/2024 mövsümündə uğursuz çıxışı ilə seçilən “Konyaspor” 20 oyunda cəmi 19 xal toplayıb və 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.


