Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində “Kasımpaşa” ilə qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb – 0:3.
Dadaşov bu oyunun 70-ci dəqiqəsində, hesab 0:0 olarkən meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 21 turdan sonra 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 16 oyun keçirib və 4 qol vurub.


