“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya Super Kubokunun mövcudluğuna dair öz münasibətini açıqlayıb.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, o, yarışın finalında komandasının “İnter”ə məğlubiyyətindən sonra İtaliya Super Kubokunun mövcudluğunda məna görmədiyini bildirib:
“Dörd-beş ay əvvəl İtaliya Super Kubokunda iştirak etməyimizi istəmirdim. Çünki o vaxt qarşıda çoxlu oyunlarımız vardı və İtaliyadan kənarda yeni oyunlar əlavə etməyə gərək yox idi. Düşünürəm ki, UEFA-nın islahatları ilə bağlı növbəti mövsümdən oyunların sayı artdıqda, Super Kubokun mövcudluğu üçün heç bir gerçək səbəb qalmayacaq”, deyə De Laurentis mövqeyini izah edib.
Xatırladaq ki, “Napoli” ötən gecə İtaliya Super Kubokunun finalında “İnter”lə qarşılaşıb və 0:1 hesabıyla uduzub. Yeganə qolu oyunun əsas vaxtına əlavə edilmiş ilk təzminat dəqiqəsində (90+1) “neradzurri”nin kapitanı, argentinalı hücumçu Lautaro Martines vurub.
“Napoli” super kubokun finalına yarımfinalda “Fiorentina”nı 3:0 hesabıyla məğlub etməklə yüksəlmişdi. “İnter” də “Latsio”nu oxşar hesabla üstələmişdi.
İtaliya Super Kubokunun 2023-cü il mövsümü də Səudiyyə Ərəbistanında təşkil olunub.


