Filip Damyanoviç gəldi, Nelson Oliveyra getdi – “Konyaspor”da

Serbiya milli komandasının və “Vozdovaç”ın mərkəz müdafiəçisi Filip Damyanoviç bundan sonra “Konyaspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Super Liqa təmsilçisi 25 yaşlı stopperlə 2,5 illik müqavilə imzalandığını açıqlayıb. Konya klubunun bu transfer üçün nə qədər xərcə düşdüyü açıqlanmır. Damyanoviçin yeni komandasında 33 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Filip Damyanoviç “Vozdovaç”ın öz yetirməsidir. Müdafiəçi bu komandanın heyətində 62 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Damyanoviç “İMT Belqrad” klubunda da icarədə olub. Bu mövsüm “Vozdovaç”ın heyətində 16 rəsmi oyuna çıxmış müdafiəçi 1399 dəqiqə meydanda olub.

Damyanoviç 2023-cü ilin yanvar ayında Serbiya milli komandasında da debüt edib. Amma ondan sonra müdafiəçinin xidmətinə ehtiyac duyulmayıb.

Yeri gəlmişkən, “Konyaspor” hücumçusu Nelson Oliveyra ilə də yollarını ayırıb. Portuqaliyalı forvard ölkəsinə qayıdıb. O, bundan sonra “Vitoriya” (Gimaraynş) klubunun uğurları üçün çalışacaq. 32 yaşlı hücumçu Portuqaliya klubu ilə ilyarımlıq (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Nelson Oliveyra “Konyaspor”a 2023-cü ilin sentyabrında gəlmişdi. O, bu komandanın heyətində 17 oyuna çıxsa da, qol vura bilməyib və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oliveyra kayrerası ərzində “Norviç Siti”, AEK (Afina), PAOK (Salonika), “Renn”, “Deportivo” (La Korunya), “Pasuş de Ferreyra”, “Nottingem Forest”, “Benfika”, “Rio Ave”, “Suonsi Siti”, “Ridinq” kimi klublarda da forma geyinib. O, Portuqaliya milli komandasının heyətində 17 oyun keçirib, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: