Mark-Andre ter Ştegen məşqlərə qayıtdı

“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen uzun müddət zədəsini müalicə etdirdikdən sonra nəhayət məşqlərə başladığını bildirib.

Arena.az məlumat verir ki, Ter Ştegen bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən, məşqdən çəkilmiş şəkli şərh edərək, yazı paylaşıb:

“Bu hiss üçün darıxmışdım”, deyə alman qapıçı bildirib.

Xatırladaq ki, Ter Ştegen ötən il dekabrın əvvəlində bel nahiyəsində şiddətli ağrılar hiss etdiyi üçün cərrahi əməliyyat edilmişdi.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.

Cari mövsümdə Ter Ştegen “Barselona”nın heyətində bütün yarışlarda 17 oyuna 15 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 394 oyun keçirib, 383 qol “yeyib” və 165 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyuna 47 qol buraxıb, 11 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı alman qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: