Xavi “Barselona”nın tarixi səhvindən danışdı

İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun tarixi səhvi kimi qiymətləndirdiyi məqam haqda danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bu klubda insanları yalnız onlar gedəndən sonra qiymətləndirməyə alışmışıq. Ernesto Valverde, Ronald Kuman, Jordi Alba, Serxio Buskets – onlar burada olanda onları pərən-pərən salırdılar, amma indi onların əməyi qiymətləndirilir. Gəlin, əlimizdə olanların qədrini bilək. Dünyanın ən yaxşı klubunda çalışıram, burada xoşbəxtəm. “Barselona”nın tarixi səhvi ondan ibarətdir ki, burada hər şey artıq çox gec olanda dəyər qazanmağa başlayır”, deyə Xavi bildirib.

Xatırladaq ki, Xavinin rəhbərliyi altında “Barselona” cari mövsümdə iştirak etdiyi dörd yarışdan ikisində mübarizəsinə artıq xitam verib. “Blauqrana” İspaniya Super Kubokundan və İspaniya Kral Kubokundan əlini artıq üzüb. La Liqada isə keçirdiyi 21 oyundan sonra “Barsa” 44 xalla 3-cü pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasına gəlincə, kataloniyalılar yarışın 1/8 finalında İtaliya A Seriyasının cari çempionu “Napoli” ilə qarşılaşacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: