“Selta”nın sabiq kapitanı, hazırda isə Braziliyanın “İnternasyonal” klubunun futbolçusu Uqo Malyo həbsə alınaraq, zindana atıla bilər.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Belə ki, Malyo “Selta”nın talismanının sinəsinə toxunub. Hazırda futbolçunu cinsi təcavüz ittihamı ilə 3 il həbs cəzası gözləyir.
Bildirilir ki, Malyo 2019-cu ildə İspaniya La Liqasında “Espanyol”la oyundan (1:1) əvvəl tutuquşu kostyumunda “Selta”nın talismanı rolunda olan qadının sinəsinə toxunub. Təqsiri sübuta yetirilərsə, Uqo zərərçəkənə mənəvi ziyana görə 2 il müddətində aylıq təzminat da ödəməyə icbar ediləcək.
İspan sağ cinah müdafiəçisi Uqo Malyo 15 il ərzində yetirməsi olduğu “Selta”nın şərəfini qoruyub, kapitanlığa qədər yüksəlib. Malyo bu illər ərzində “Selta”nın heyətində bütün yarışlarda 448 oyuna çıxıb, 12 qol vurub, 28 məhsuldar ötürmə verib. Ötən ilin avqustunda isə Malyo “Selta”dan ayrılaraq, “İnternasyonal”la cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviələ imzalayıb.
“Transfermarkt” internet-portalı Uqo Malyonun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


