Tadeo Alyende “Selta”ya keçdi

Argentinanın “Qodoy-Krus” klubunun sağ cinah vinger Tadeo Alyende bundan sonra “Selta”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Selta” onu tamhüquqlu müqavilə əsasında heyətinə qatıb. Viqo təmsilçisi Alyendenin keçidi müqabilində Argentina klubuna 4,5 milyon avro məbləğ ödəyib. “Selta” Alyende ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Alyende futbola “İnstituto Atletiko Sentral Kordova” klubunda qədəm qoyub. Ardınca Tadeo “Qodoy-Krus”a keçib.

Tadeo Alyendenin “Qodoy-Krus”un heyətində çıxışının ümumi mənzərəsi belədir: 80 oyun, 15 qol, 7 məhsular ötürmə.

Alyende futbolda heç bir qənimət qazanmayıb və həmçinin milli komandanın düşərgəsinə də dəvət almayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı vingerin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Selta” mərkəz müdafiəçisi İvan Lopes Martineslə də yollarını ayırıb. 23 yaşlı ispan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hazırda azad agent statusuna malik olan futbolçunun karyerasını harada davam etdirəcəyi məlum deyil.

İvan Lopes La Liqada çıxış edən “Xetafe” klubunun yetirməsidir. O, “Parasuelyos”, “Maxadahonda”, “Tudelano” kimi kimi klublarda da forma geyinib. 2022-ci ilin yayından “Selta”da olan müdafiəçi, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. O, bu müddət ərzində daha çox əvəzedici komandada forma geyinib

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan müdafiəçinin transfer dəyərini 100 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: