Tomas Heberli və Françesko Kaltsona püşkü dəyərləndirdilər

Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, İsveçrədən olan 49 yaşlı mütəxəssis C Liqasında İsveç, Azərbaycan və Slovakiya ilə birlikdə düşdükləri qrup barədə bunları söyləyib:

“Qrupun keyfiyyəti haqda danışmağa ehtiyac yoxdur. Rəqiblərdən İsveç və Azərbaycanı yaxşı tanıyırıq. Həmçinin onlar da bizim oyunumuzu bilirlər. Əlbəttə ki, asan qrup olmayacaq. Açığı, İsveç və Azərbaycanla bir qrupa düşmək istəmirdik. Fikrimcə, digər qrupda yer alsaydıq, daha yaxşı olardı”.

Tomas Heberli yeni yüksəldikləri C Liqasında qalmağı hədəflədiklərini söyləyib: “Qələbələrin sayını artırmalıyıq. D Liqasında güclü olduğumuzu göstərdik. İndi bunu C Liqasında da təkrarlamalıyıq. Məqsədimiz bu liqada qalmaqdır”.

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona da yeni mövsümün püşkünü dəyərləndirib. İtaliyadan olan 55 mütəxəssis İsveçi qrupun favoriti adlandırıb: “Biz İsveçlə heç-heçə etmişik. Onlar C Liqasının ən yaxşı komandasıdır. Təsadüfi deyil ki, FİFA reytinqində 26-cı yerdədir. Azərbaycanla bağlı pis xatirələrimiz var. Çünki yığma mənim rəhbərliyim altında ilk oyununda məhz onlara məğlub olub. AÇ-2024-ün seçmə mərhələsində Estoniya, İsveç və Azərbaycan eyni qrupda yer almışdı. Mümkün qədər yaxşı oynamalıyıq. Çünki Dünya Çempionatına vəsiqə qazanmaq şansımız var. Axı, Estoniya UEFA Millətlər Liqasında öz qrupunda qazandığı qələbə sayəsində pley-offa yüksəlib”.

Hazırda baş məşqçisiz olan İsveç yığmasında isə komandanın meneceri Stefan Pettersson qrup barədə fikirlərini paylaşıb. 60 yaşlı mütəxəssis əsas rəqiblərinin Slovakiya olacağını gizlətməyib: “Tanıdığımız komandaların yer aldığı maraqlı qrupdur. FİFA reytinqinə baxsanız, Slovakiya ən çətin rəqibdir. Amma matçlar zamanı reytinq adətən o qədər də önəm kəsb etmir. Oyunlara ən yaxşı şəkildə hazırlaşmalı və ən uğurlu nəticəni qazanacağımıza əmin olmalıyıq”.

Qeyd edək ki, UEFA Millətlər Liqasında 2024/25 mövsümünə sentyabrın 5-də keçiriləcək oyunlarla start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: