Ərtoğrul Sağlam Ramil Şeydayevin komandasından ayrıldı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubun baş məşqçisi Ərtoğrul Sağlam istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə TFF Birinci Liqada mübarizə aparan Kocaeli klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Sağlamla birgə, onun köməkçiləri ilə də vidalaşan “Kocaelispor”, bu mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Ərtoğrul Sağlam ötən ilin iyun ayından “Kocaelispor”a rəhbərlik edirdi. Onun bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Kocaeli təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 24 oyun keçirib, 13 qələbə qazanıb, 4 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Kocaelispor” hazırda Birinci Liqada 43 xalla 3-cü pillədə qərarlaşıb və lider “Eyüpspor”dan 12 xal geri qalır. İkinci pillədəki “Göztəpə”nin də 46 xalı var.

Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 4 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: