Françesko Kaltsona “Napoli”də – Rəsmi

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona bundan sonra İtaliyanın “Napoli” klubunda da işləyəcək.

Arena.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyası və “Napoli” rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Razılığa əsasən, 55 yaşlı mütəxəssis mövsümün sonuna qədər Neapol təmsilçisində çalışacaq.

İtalyan məşqçinin Slovakiya yığmasındakı sözləşməsinin müddəti də 2025-ci ilin sonunadək uzadılıb.

Kaltsona İtaliya çempionunda Valter Massarrini əvəzləyib. Bu, “Napoli”də yaydan bəri üçüncü baş məşqçi təyinatıdır. Ötən mövsüm komandanı çempion etdikdən sonra Neapol təmsilçisindən ayrılan Luçano Spallettini fransalı mütəxəssis Rudi Qarsiya əvəz etmişdi. Amma onun rəhbərliyi altında yeni mövsümə uğursuz start verən “Napoli”, A Seriyasının 12-ci turundan sonra Qarsiyanı postundan uzaqlaşdırmışdı. Fransız məşqçini bu postda Valter Massarri əvəz etmişdi. 62 yaşlı italyan mütəxəssislə də mövsümün sonunadək müqavilə imzalanmışdı. Amma Massarrinin rəhbərliyi altında da qeyri-sabit çıxış edən komanda 17 oyunda cəmi 6 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məlubiyyətə üzülüb.

Xatırladaq ki, Valter Massarri 1998-1999-cu illərdə “Napoli”də köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. 2009-2013-cü illərdə isə o, bu komandanın baş məşqçisi olub. Bu müddət ərzində Neapol təmsilçisi 182 oyun keçirib, 89 qələbə, 49 heç-heçə, 44 məğlubiyyət görüb. 62 yaşlı Massarri “Kalyari”, “Torino”, “Uotford”, “İnter”, “Sampdoriya”, “Recina”, “Livorno”, “Pistoyeze kimi komandalarda da baş məşqçi olub.

“Napoli” cari mövsümdə A Seriyasında 24 oyun keçirib. Bu oyunlarda 10 qələbə qazanıb, 6 heç-heçə etmiş Neapol təmsilçisi 8 məğlubiyyətə üzülüb. Komanda UEFA Çempionlar Liqasında da çıxışını davam etdirir. Özü də İtaliya çempionu ÇL-in 1/8 final mərhələsindəki rəqibi olan İspaniya “Barselona”sı ilə sabah üz-üzə gələcək. Amma klub rəhbərliyi belə vacib oyuna qısa müddət qalmış baş məşqçi postunda dəyişikliyə risk edib.

Françesko Kaltsona isə 2022-ci ildən Slovakiya millisinin “sükanı arxasında” çalışır. O, bu komandanı indiyə qədər 14 oyuna çıxarıb – 7 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət.

Kaltsona daha öncə “Napoli”də məşqçi kimi çalışıb. 55 yaşlı italyan “Peruca”, “Alessandriya”, “Sorrento”, “Empoli” və “Kalyari”də də köməkçi-məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: