Almaniya çempionu “Bayern”in ingilis mərkəz müdafiəçisi Erik Dayer Münhen klubuna uyğunlaşması haqda danışıb.
Arena.az xatırladır ki, təcrübəli futbolçu Almaniyadakı durumu barədə bunları söyləyib:
“Yaxşı yerləşmişəm: klub, şəhər, azarkeşlər – hamı məni elə qəbul etdi ki, mənim üçün uyğunlaşmaq asan oldu. Mən sadəcə futboldan həzz alıram, bu klubda oynamaqdan həzz alıram. Hər şey çox səviyyəlidir. Komandama kömək etmək üçün əlimdən gələni etməyə çalışıram”, deyə ingilis futbolçu bildirib.
Dayer Münhen klubunda və İngiltərə yığmasındakı oyun tərəfdaşı və dostu – hücumçu Harri Keyn haqqında da söhbət açıb:
“Keynlə oynamaq inanılmazdır. Onun üçün çox şadam, çünki o, çox qol vurur. Bəli, o, dünyanın ən etibarlı qolçusudur. Hər kəs onunla oynamaqdan məmnun olardı və əlbəttə ki, belə bir insanla dost olmaq daha da gözəldir. Bu, mənə kluba daha tez alışmağa kömək edir”, deyə Erik öz dostu Harri haqda fəxrlə danışıb.
Xatırladaq ki, Dayer 2024-cü ilin yanvarında “Tottenhem”dən icarə əsasında “Bayern”ə keçmişdi. Bir müddət əvvəl, futbolçunun icarə müddəti bitdikdən sonra Almaniya nəhənginin düşərgəsində qalacağı açıqlanmışdı.
Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avroya “Tottenhem”ə satıb.
“Bayern”də icarə müddətində Dayer münhenlilərin heyətində bütün yarışlarda 8 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Erikin karyerasının böyük hissəsi “Tottenhem”də keçib. O, bu komandanın heyətində 364 oyuna çıxıb, 13 qol və 12 assistlə yadda qalıb. Amma 30 yaşlı Dayer futbolda heç bir qənimət qazanmayıb.
Dayer 2015-ci ilin noyabrında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Erik Dayerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


