Fransa çempionu PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike cari mövsümün sonunda “Barselona”ya qayıda bilər.
Arena.az xəbər verir ki, o, komandanın baş məşqçisi Xavini əvəzləmək üçün “blauqrana”nın idman direktoru Dekunun əsas namizədidir.
“Barselona”nın maliyyə çətinlikləri Enrikenin təyinatına mane ola bilər, amma Deku onu Xavinin yerinə mükəmməl namizəd kimi görür.
Luis Enrikenin PSJ ilə cari müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. İspan mütəxəssis 2023-cü ilin iyulundan Fransa nəhənginin sükanı arxasındadır.
“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin sükanı arxasındakı Luis Enrikenin cari mövsüm başa çatdıqdan sonra onu Kataloniya komandasında əvəz edə biləcəyi ilə bağlı yayılan məlumata münasibətini bildirib. Xavinin bu haqda fikirlərini təqdim edirik:
“Luis Enrike? Məndən sonra kimin məşqçi olacağını müzakirə etmək istəmirəm. Mən gələn mövsüm haqqında ümumiyyətlə danışmaq istəmirəm, çünki bu mövsümdə hələ çox işimiz var”, deyə Xavi vurğulayıb.
Digər bir iddiaya görə, “Barselona” futbolçularında cari mövsümün sonunda baş məşqçi Xavi klubdan gedəndən sonra Kataloniya klubunun idman layihəsinin nə olacağı ilə bağlı şübhələri var. Kataloniya təmsilçisinin üzvləri komandanın nəticələrinin rəhbərliyin gözləntilərinə uyğun gəlməməsinə rəğmən, Xavinin tamamilə kluba həsr olduğunu görürlər.
“Blauqrana” oyunçuları növbəti mütəxəssisin eyni səviyyədə iştirak nümayiş etdirəcəyinə şübhə edirlər. Üstəlik, Xavini dəqiq kimin əvəzləyəcəyinin anlaşılmaması isə şübhələri daha da artırır.
Son xəbərlər arasında “Barselona” rəhbərliyinin “Sportinq”in baş məşqçisi Ruben Amorimlə əməkdaşlıq barədə razılığa gəlməyə yaxın olduğu da bildirilir. Vurğulanır ki, 39 yaşlı portuqal mütəxəssis uğrunda “Bayern” və “Liverpul” da mübarizə aparırlar, amma bu məsələdə “Barselona”nın daha uğurlu olacağı təxmin edilir.


