Səudiyyə Ərəbistanı “Monako” ilə bağlı danışıqlar aparır

Səudiyyə Ərəbistanı təmsilçiləri “Monako”nun sahibi Dmitri Rıbolovlevlə klubun nəzarət paketini əldə etmək üçün danışıqlar aparırlar.

Arena.az bu barədə AS nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflərin nümayəndələri sövdələşmənin şərtlərini müzakirə etmək üçün artıq bir araya gəliblər:

“Monako xüsusi klubdur, belə ki, onun 35%-i Moneqask kral ailəsinə məxsusdur, ona görə də onların hər hansı mümkün satışda deyəcəkləri olacaq. Amma Səudiyyə Ərəbistanının təklifi konkretdirsə və onlar əhəmiyyətli məbləğdə sərmayə qoymağa hazırdırlarsa, o zaman keçilməli olan növbəti mərhələ bütün maraqlı tərəflər arasında razılığın əldə olunmasıdır. Danışıqlar davam edir və Səudiyyə Ərəbistanı sərmayə qoyarsa, bu, üç il çəkməyəcək”, – mənbə danışıqlar barədə məlumat verir.

Vurğulayaq ki, “Monako” Fransa Liqa 1-də çıxış etməsinə rəğmən, Monako Knyazlığını təmsil edir.

Xatırladaq ki, daha əvvəl Rıbolovlevin knyazlıq təmsilçisini satmağa hazır olduğu bildirilirdi.

Dmitri Rıbolovlev “Monako”nun sahibi olduğu müddətdə knyazlıq klubu Fransa çempionu (2016/2017 mövsümü) olub, həmçinin Fransa Kubokunun (2020/2021 mövsümü) və Fransa Super Kubokunun (2017, 2018) final mərhələsinə yüksəlib.

Hazırda “Monako” Fransa Liqa 1-in yarış cədvəlində 25 oyundan 45 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: