Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkının formasını geyindiyi Türkiyənin “Manisa” komandası baş məşqçisiz qalıb.
Arena.az xəbər verir ki, TFF 1-ci Liqada mübarizə aparan klub Mustafa Dalcı ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Buna Sərtan Taşkının komandasının cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq ötən gecə 2023/2024 mövsümünün 28-ci turu çərçivəsində baş tutan “Bodrumspor”la ev oyunundan məğlubiyyətlə (0:1) ayrılan kollektiv 31 xalla 13-cü sırada qərarlaşıb. Manisalılar keçirdikləri 28 oyunda 7 qələbə qazanıblar, 10 heç-heçə ediblər və 11 məğlubiyyətlə üzləşiblər.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 9 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.


